Biz nə ediriksə, sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə edirik!
Son Xəbərlər

Monday, March 28, 2022

Maarifçilərimiz beynəlxalq tədbirdən geri dönüblər

Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində İstanbulda “Eğitimde Yeni Trendler- İstanbul Eğitim Forumu 2022” keçirilmişdir. Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. 5000-dən çox üzvü ilə ölkənin ən böyük təhsil icmasını təmsil edən Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri idi.

Forumun rəsmi açılışı İstanbul Doğuş Univeristetində baş tutdu. Hər iki ölkənin himni səsləndirildikdən sonra Doğuş Universiteti rektoru Prof. Dr. Turgut Özkan giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamladı. Ardından Universitet haqqında ətraflı məlumat verdikdən sonra Türkiyə təhsil sistemi, dövlət və vəqf universitetlərinin fərqi, Türkiyə təhsilindəki yeniliklər, müəllimlərin tətbiq etdiyi son model yeni yanaşma və metodologiyalardan danışdı. Ardından Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi və sədri Tofiq Sadıxov çıxış edərək İstanbul Doğuş Universiteti rəhbərliyinə səmimi qarşılanma, seminar və panel müzakirələrinə imkan yaratdıqları üçün təşəkkür etdi. Sonra isə rektor Prof. Dr. Turgut Özkan forum iştirakçılarının suallarını cavablandırdı. Ardından Azərbaycan nümayəndə heyəti adından Abşeron rayonu Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin  direktoru Səkinə Abbasova və Bakı Avropa Liseyinin direktor müavini Rəna Ağayeva çıxış edərək öz məktəblərindəki təcrübəni türk həmkarları ilə bölüşdülər. Çıxışlar bitdikdən sonra isə hər iki tərəf bir-birlərinə xatirə hədiyyələri təqdim etdilər. Azərbaycan nümayəndə heyəti adından Azərbaycan Maarifçilər Assosiasiyasının Beynəlxalq Əlaqələr və layihələr üzrə katibi Turanə Zeynalova hədiyyələri universitetin rektoruna və digər həmkarlara təqdim etdi. Tədbir nahar fasiləsindən sonra univeristet kampusları, tədris otaqları, kitabxana və labarotoriya otaqları ilə tanışlıqla davam etdi. 

Forumun ikinci günü proqrama uyğun olaraq iştirakçılar Şəhid Fikrət Metin Öztürk adına orta məktəbdə qonaq oldular. İlk öncə müəllimlərimiz türkiyəli həmlarlarının dərslərində iştirak edərək dərs prosesini müşahidə etmək imkanı əldə etdilər. Bununla kifayətlənməyərək özləri də türk şagirdlərinə kiçik bir dərs keçdilər. Dərsin sonunda hər iki ölkə müəllimləri keçdikləri dərsləri, dərsliklərdəki materialları, dərs keçmə metod və vasitələrini müzakirə edib fikir və təcrübə mübadiləsi apardılar. Ardından məktəbin akt zalında forumun seminar və panel müzakirələri başladı. Görüşü məktəbin direktoru Aykut Keskin giriş sözü ilə açaraq Azərbaycanlı həmkarlarını salamladı. Daha sonra məktəbin müəllimləri təhsildəki yeniliklərlə bağlı müxtəlif mövzularda çıxışlar etdikər. Azərbaycan nümayəndə heyəti adından Zirvə liseyinin direktor müavini Yaşar Zeynalov, Tovuz rayonu Nəsrəddin Tusi adına məktəb-liseyin müəllimi Səlmi Vəliyeva, İmişli şəhər N.Nərimanov adına humanitar fənlər təmayüllü 1 saylı məktəb-liseyin müəllimi Əzizbəyim Muxtarova çıxış edərək öz təcrübələrini bölüşdülər. Ardından Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi və sədri Tofiq Sadıxov danışaraq maraqlı və faydalı seminarlar üçün, məktəblə yaxından tanışlığa imkan yaratdığı üçün məktəb rəhbərliyinə və məktəbin direktoru Aykut Keskin bəyə təşəkkürünü bildirdi. Nahar fasiləsindən sonra iştirakçılar məktəbin dərsdənkənar fəaliyyəti ilə tanış oldular. Şagirdlər üçün yaradılan oxatma və ebru sənəti fəaliyyətlərini izlədilər.

Forumun bağlanışı İstanbul TopKapı Universitetinde baş tutdu. Universitetin baş prorektoru Dr. Bora Gündüzyeli giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamladı. Ardından univeristet haqqında ətraflı məlumat verdikdən sonra univeristetin Beynəlxalq Tələbə Koordinatoru Muzeffer Cem Hançer və universitetin ombudsmanı Dr. Öğr. Üyesi Tayfun Güven çıxış edərək univeriteə tələbə qəbul şərtləri, tələbələr üçün yaradılan şərait, universitetin Türkiyə təhsil sistemində tutduğu mövqe haqqında panel müzakirələrdə ətraflı məlumat verdilər. Ardından Azərbaycan nümayəndə heyəti adından Daşkəsən tam orta məktəbinin direktoru Kamal Musayev, Bakı Avropa Liseyinin direktor müavini Səadət Cahandarova, Xəzər Universiteti Dünya Məktəbi və 291 nömrəli Ekologiya  Liseyinin müəllimi Səbinə Məmmədova, Yüsif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun elmi işçisi Əminə Alimova çıxış edərək Azərbaycandakı təhsil sistemindən, boşluqlar və imkanlardan, görülən işlərdən  danışdılar. Sonda AMA-nın həmtəsisçisi və sədri Tofiq Sadıxov çıxış edərək forumun təşkilində əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi. Çıxışlar bitdikdən sonra iştirakçılar nahar fasiləsinə yollandılar. Günün ikinci yarısında forum univeristet kampusları, dərs keçirilən auditoriyalar, muzey və labarotoriyalarla tanışlıqla davam etdi. Müəllimlər öz həmkarları ilə birbaşa ünsiyyətdə olub öz bilik və bacarıqlarını artırmaq imkanı əldə etdilər. Sonda hər iki nümayəndə heyəti bir-birinə xatirə hədiyyələri təqdim edərək kollektiv şəkil çəkdirdi. Bununla da “Eğitimde Yeni Trendler – İstanbul Eğitim Forumu 2022” öz işini başa vurdu. Növbəti “Eğitimde Yeni Trendler-İstanbul İlkokul Öyretmenleri Forumu” may ayında keçiriləcəkdir. Foruma məktəbəqədər və ibtidai sinif müəllimləri qatıla bilər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 5000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.







Dİgər Maarİfçİ XəbərlərİNİ oxumusan?