- İnkişaf üçün perspektivlərin yoxluğu - Müəllim savad əhlidir. O öyrəndikcə öyrədən varlıqdır. Özəl məktəblər mütəmadi olaraq müəllimləri təlimlərə sövq edir, şəxsi inkişafına töhfə verir. Dövlət məktəblərində bu hal pandemiyadan sonra kütləviləşdi. Lakin hələ də Peşəkar inkişafında davamlı olan müəllimlərlə, passiv müəllimlər arasında fərq qoyulmur. Bəzi motivasiyaedici yarışmalar, müsabiqələr var , bəli, amma mərkəzləşdirilmiş halda deyil.
- Kəmiyyət uğrunda rəqabət - Saathesabı aparılan dərs bölgüləri yalnız miqdara əsaslanır. Belə ki, hansı müəllimin çox dərs saatı varsa maaşı da bir o qədər yüksəkdir. Lakin həmin o dərslərdə nə öyrətdiyi, hansı bilik və bacarıqları aşıladığı, nəticədə neçə faiz şagirdinin ( məzununun) yüksək göstərici topladığı elə də əhəmiyyət kəsb etmir. Nəticə olaraq şagird ömründən boşa keçən yüzlərlə boş "45 dəqiqələr" toplusu yaranır. Bu BOŞluqların əksini cəmiyyətimizdə görürük.
- Nəzəri biliklərə əsaslanan Kimya, Biologiya və Fizika dərsləri. Özəl məktəblərdə demək olar ki, əksər elm dərsləri tətbiqi təcrübələrlə və tədqiqatlarla keçir. Lakin illərdir yenilənən milli kurikulumumuz və dərsliklərimiz çərçivədən kənara çıxıb fərqli düşünə bilmir. Səbəb isə sonda imtahanın nəzəri biliklərə əsaslanmasıdır.
- Səssiz siniflər - susmağı aşılayan "pedaqoji heyət". Yaxşı müəllimin sinfi səssiz olar arqumentindən çıxmaq lazımdır. Hər səssiz sinifdə bir diktator müəllim vardır. Bunu dəyişmək lazımdır. Şagirdlər mövzu daxilində istənilən qədər aktiv ola bilərlər və bu kifayət qədər təbii prosesdir.
- Maddi texniki bazanın yoxluğu və ya yenilənməməsi - Kimyəvi maddələr, avadanlıqlar daim işlənən və yenilənməyə ehtiyac duyan sahələrdir. Təəssüf olsun ki, ən yaxşı halda təmirdən sonra dövlət məktəbləri bu maddələrlə təmin olunur. Nəticədə müəllim istifadə etmir ki, BİTƏR və sonra yenisini yerinə alan olmayacaq. Biologiya və Kimya dərslərinin təcrübi hissələri ən yaxşı halda video olaraq proyektorda göstərilir. Nə üçün?
Şagirdlərin təhlükəsizliyi - Şagirdlərə məxsus olan informasiyaların icazəsiz şəkildə cəmiyyətlə paylaşılması, tənəffüslər zamanı nəzarətsiz qalan şagirdlər, müəllimin diktatorluq fəaliyyəti, valideynin laqeyidliyi, emosional təzyiq, psixoloq çatışmazlığı..... hansını yazım?
- İdman, rəsm, texnologiya, musiqi dərsləri - Heç düşünmüsüz nə üçün bayağı mahnılara maraq bu qədər kütləviləşib? Səliqəli xətti təbliğ edib, yaradıcı rəsmi heçə sayan müəllimlərimiz hələ də var... İdman dərslərini "uşaq tərləyib soyuqlayar" adı altında ertələyən valideyn toplusu və komfort zonasından çıxa bilməyən müəllim ordusu...
- Qapalı mühit - Qapalı sinif otaqlarında kiçik qruplar. Bir sinfin digəri ilə əməkdaşlıq edə bilməməsi. Digər ölkələrdən olan yaşıdları ilə uzlaşmayan gələcək nəsil.
- Differentiation -dilimizdəki terminoloji qarşılığını tapa bilmədiyim üçün belə yazdım. Müxtəlif qavrama tezliyinə və imkanlarına sahib olan şagirdlərin qarşısına eyni hədəfi qoyduğumuz zaman, onlar əlçatmazlıq sindormu yaşayacaqlar. Amma biz hər şagirdə fərdi yanaşıb ona müvafiq təlim nəticələri aşılasaq o zaman o daha xoşbəxt olacaqdır.
Bütün bunları Bakı şəhərindəki yenicə təmirdən çıxmış dövlət məktəbində işləmiş biri olaraq yazıram. Hələ ucqarlardaki vəziyyət daha dəyişikdir. hamısı olmasa da gördüklərimin 10% bu postda paylaşdım. Məqsədim şəxsi təcrübəmdən ( həm müəllim həm valideyn olaraq) qaynaqlanan fikirləri paylaşaraq çıxış yolunu tapmaq üçün can atanlara real keyslər verməkdir.
Hər biri ayrıca qrant layihə mövzusu olan bu problemlərin həlli elə də çətin deyil.